Şəkinin tarixinə dair şəkillər
Tezliklə Burada Şəki xan qəbristanlığı barədə məqalə dərc ediləcək!
Almaniyada və İsveçrədə yaşayan həmvətənlərimizdən xahiş edirik:
Vaxtilə Avropa səyahətinə çıxmış Bəharəddin adlı bir iş adamının şəhadədətinə görə, o, Almaniyada Z. Tağıyevin tikdirdiyi məscidlə qarıılaşmışdır; Bəharəddin qardaşımız öyrənir ki, o vaxtlar Almaniyada məscid inşa edlməsinə icazə verilmədiyi üçün Z. Tağıyev məscid formasında tütün fabriki tikdirmışdı. İstəmışdı ki, orada yaşayan müsəlmanlar heç olmasa gələcəkdə həmin binadan məscid kimi istifadə edə bilsin.
Bəharəddin qardaşımız İsveçrədə - Bern şəhəri ətrafındakı qəsəbədə ( bu qəsəbənin adını "Crshi" kimi yadında saxlamışdır) isə bir şəxsi qallareyada, 19-cu əsrdə Şəki şəhərində çəkilmiş və Şəkinin mənzərələrini əks etdirən rəsm əsərləri ilə tanış olmuşdur. O, öyrənir ki rəssam hansısa alman qrafı imiş və 19-cu əsrdə bir ay Şəkidə yaşamışdır.
Biz əvvəlcə, Almaniyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin "Yaho qrupu" vasitəsilə bu məsələləri dəqiqləşdirməyə cəhd etdik. Nurlana xanım bizə yazdı ki, həqiqətən, Drezdendə məscid üslubunda bir tütün fabriki var.
Hörmətl həmvətənlər. Bu barədə sizin də nəsə bir məlumatınız varsa bizə bildirin: shekitarixi@gmail.com
Dekabrın 9-u Bakı vaxtı ilə 20.00 və 23.00 da "Azadlıq" radiosunun"İz" Mədəniyyət proqramında aparıcısı Sevda xanım, mən - Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərərgahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin http://www.almanach.be/ saytının redaksiya heyətinin üzvü Pərvin Mirzazadə "mühacirətdə olan qəbirlər" mövzusunda maraqlı diskusiya etndik:
Birbaşa "Azadlıq" radiosundan qulaq asın: Bunu bas
Yaxud yükləyin və qulaq asın:
Dekabrın 7-i 1875-ci ildə Şəki şəhərində görkəmli dövlət xadimi Fətəli xan Xoyski anadan olmuşdur. Onun nəşi hələ də qürbətdə "çürüyür"!
1918 – 1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının yaradıcılarından çoxu, bu cümhuriyyətin süqutundan sonra mühacir həyatı yaşamağa məcbur oldular və ömürlərini də qürbətdə başa vurdular. Onların qəbirləri indi də qürbətdədir. Xalqımıza divan tutan erməni Stepan Şaumyanın qəbri və heykəli Bakının düz ortasında, Şərqdə ilk cümhuriyyəti quran həmmillətlərimizin məzarları isə qürbətdə!
Vaxt gələcək, biz müsəlmanlar ayılacağıq, istəyəcəyik ki Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və nə bilim, bunlar kimi nə qədər digər görkəmli şəxslərimizin nəşini gətirək Vətənə. O zaman sual ortaya çıxacaq: onları harada dəfn edək? Fəxri Xiyabanda? Şəhidlər xiyabanında? Ya Elçibəyin adıyla hallandırılan versiyaya uyğun “Sahil”, yəni keçmiş “26-lar” parkında? Ya anadan olduqları yerdə? Ya qohumların, yaxud əcdadlarının dəfn olunduqları yerdə? O zaman bizim bu məqaləmiz aktual olacaq; bax:
Bir qəbir kitabəsinin izi ilə, yaxud F. X. Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar
Ədalət Tahirzadənin "Şəkinin tarixi qaynaqlarda" kitabı
Ədalət Tahirzadənin 2005-ci ildə «Master» nəşriyyatında çapdan çıxmış «Şəkinin tarixi qaynaqlarda» adlı kitabı, Şəki tarixinə dair ən sanballı nəşr oldu. Kitabda 19-cu əsr və 20-ci əsrin əvvəllərində ərəb əlifbası ilə qələmə alınmış, yaxud çap olunmuş Şəkinin tarixinə dair əsərlərin müasir əlifbaya transliterasiyası, bunların müəllifləri haqqında geniş məlumatlar və s.lər verilmişdir. Tədqiqatçının – filologiya elmləri namizədi Ədalət Tahirzadənin zəhməti nəticəsində Şəki tarixi ilə maraqlanan sonrakı tədqiqatçıların işi xeyli yüngülləşir: Təsəvvür edin, həmin əsərlərdən əlyazma şəklində olanları oxumaq üçün şəxsən mən, Əlyazmalar İnstitutunun oxucu zalında günlərlə otururdum, bəzən, adi «cızma-qaradan» ibarət olan bir sətri düzgün oxumaq üçün neçə saat vaxt sərf edirdim, elə də olurdu ki bir nəticə hasil edə bilmirdim, indi isə əlimin altında onların peşəkar tərəfindən edilmiş transliterasiyaları var!
Məhz, Ə. Tahirzadənin zəhməti sayəsində Mirabbas Mirbağırzadə və Ələşrəf Kərimovu (İsmayılovu) oxuyub, 1-ci dünya müharibəsi nəticəsində Səki şəhərində yaranmış acınacaqlı vəziyyətlə – qəlbimizi göynədən, gözümüzü yaşardan dəhşətli statistika ilə tanış olmaq imkanı qazandıq. Həmin müəlliflərin yazdıqlarından məlum olur ki, ötən əsrin 20-ci illərinə yaxın, Şəki şəhərində təxm. 55 min adam yaşayırmış, 8 min fəhlə var imiş. Bu vaxt iqtisadi böhran başlayır, Şəki iqtisadiyyatının əsasını təşkil edən ipəkçilik, baramaçılıq tənəzzülə uğrayır. Fabrik və zavodlar dayanır, nəticədə 8 min fəhlə və 25 min nəfər fəhlə külfəti (orta hesabla hər fəhləyə 3 nəfər ailə üzvü), cəmi 33 min nəfər acından ölür! Bizi təsirləndirən həm də budur ki, eyni vəziyyət 90-cı illərin ortalarında da təkrar olunmuşdur. Müqayisə edin: Yenə o qədər əhali, yenə o qədər fəhlə, yenə iqtisadi tənəzzül, yenə fabrik və zavodlar dayanır, üstəlik, normal həyat üçün başlıca amil olan qaz və elektriki də kəsirlər. Təsəvvür edin, Cənubi Qafqazda ən birinci elektrikləşmiş sənaye şəhəri 10 il işıq üzünə həsrət qaldı; 1994-cü ildə bir gecədə çörəyin qiyməti 5 dəfə (!) 50 manatdan 250 manata qalxdı... Deməli, yenə Şəki şəhərinin azı 33 min sakini acından ölmək təhlükəsi üz-üzə dayandı!
Bilirsinizmi?
1918-ci ildə, 1 ilin içində Şəki şəhəri əhalisinin yarısından çoxu - təxminən, 33 min nəfəri, aclıq, səfalət və xəstəlikdən tələf olmuşdur!
Bu məsələ indiyə qədər araşdırılmayıb. Bəziləri deyirlər ki, adamlar acından ölmüşdür; belə ki Səki İpək sənayesi tənəzzülə uğramışdı və ölənlər isə bu sahədə işləyən 8 min fəhlə və onların 25 minlik külfəti imiş. Bəziləri deyirlər ki 33 min nəfər yatalaq xəstəliyi nəticəsində dünyasını dəyişmişdir. Amma bizdə belə bir məlumat da var ki, o il bütün dünyada 100 milyon adam "İspan qripi" nin qurbanı olmuşdur və mümkündür ki Şəkidə də məhz, həmin epidemiya tüğyan edibmiş.
Hər-halda razılaşın ki biz bu dəhşətli hadisəni öyrənməyə və həlak olmüş şəkililərin xətirəsinə heç olmasa bir abidə qoymağa mənən borcluyuq!
****