Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

10 Сентябрь 2008 г.

XİLASIN SONU


İllər uzunu yönsüz, yöndəmsiz icma «qanunlarının» arasıyla cızılıb qanaya-qanaya, yığılıb açıla-açıla, ölüb dirilə-dirilə ilmə-ilmə, naxış-naxış, söz-söz yığıb, hörüb axır ki, başa çatdırdığım İMPERİYAMIN səskeçirməz, üzkeçirməz, şəffaf divarları arasındayam... Burdan - məndən hardasa uzaqlarda lazımsız, ölü bitkilər kimi saralıb-soluxan, getdikcə quruyub uyuqlaşan bu «mötəbər» qanunların, mən dəyib-toxunmadan, özü-özünə ovulub üyülüb harasa daha uzaqlara sovrulduğunu duyuram...



O MƏNİ SEVİR...


Tez-tez, xüsusən axşam saatlarında şəhərin adamlarla dolu qaranlıq küçələrindən ötüb keçdikcə, ara-sıra kəsik şüalarla bərq vurduğumu duyuram...
Mən bərq vururam...



DUYĞU ÇƏKİSİ


Yazı masamın üstündə, dünyasını qəfildən dəyişmiş nakam müəllifdən qalan kimi sakitcə yatan, kağızlarının solğunluğu və dağınıqlığı ilə yarımçıq sevgi məktublarını andıran yarımçıq yazılarıma yaxın düşə bilmədikcə içimdə - ağır ordenlər, dəmir dəbilqəli zirehli geyimlər, yaxud, gilələri bürünc düymələrdən olan dolu üzüm salxımları kimi yan-yana asılıb mən yeridikcə, oturub-qalxdıqca bir-birinə dəyən fikirlərimin, roman və hekayə sonluqlarının cingiltisini eşidirəm... bu ağırçəkili arsenalın yükünə tab gətirmədiyimdən, yerişimin dəyişdiyini, addımlarımın ləngidiyimi duyuram...



YADLAR


Qapılarımızın kilidlərini möhkəm-möhkəm bağlayıb, yeni tanışlarla ehtiyatla davrana-davrana, köhnə dostlarımızı, doğmalarımızı, zaman-zaman dönə-dönə o üz-bu üzə çevirib sınaya-sınaya, halını, xislətini tanımadığımız «yad», «şübhəli» adamlardan qorunduğumuz halda, həmin o tanımadığımız «şübhəli yadların» artıq çoxdannan bəri bizlərlə birgə evlərimizin içində yaşadığından, mehriban gözlərlə üzlərimizə baxıb kövrək, doğma səslərlə bizlərə «ana», «ata» deyə-deyə öz həyatlarını üstümüzdəcə quran övladlarımız olduğundan xəbərsizik...