Kataloq.NET - Şəxslər: Süleyman Rüstəm
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
web saytlar şəxslər qurumlar xəritə
  Kataloqdakı insanların sayı: 319
azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
Əcdadlarımız

Süleyman Rüstəm
Süleyman Rüstəm
Fontu böyüt:      
Rüstəmzadə Süleyman Əliabbas oğlu
(12.03.1906 - 10.06.1989)
Azərbaycanın xalq şairi, dramaturq, Azərbaycanın Əməkdar İcnəsənət xadimi
Süleyman Əliabbas oğlu Rüstəm (Rüstəmzadə) 1906-cı ildə Bakıda fəhlə ailəsində dünyaya göz açmışdır. Onun qayğısız uşaqlıq illəri səfalı Novxanı bağlarında, mavi Xəzərin sahilində keçmişdir. Babasının sehirli nağılları, xoş söhbətləri, qüssəli mahnıları kiçik yaşlı Süleymanın qəlbində bir aləm yaratmışdır.

Süleyman Rüstəmin ilk həyat məktəbi yoxsullar aləmi idi. Yaşadığı məhəllədə demək olar ki, başdan-başa yoxsullar, fəhlələr məskən salmışdı. Ona görə də onun bütün yaradıcılığı boyu fəhlə əməyinə qiymət, məhəbbət, əməkçi insanlara hədsiz sevgi öz əksini tapmışdı. Süleyman Rüstəmin həyatı çətinliklər və məhrumiyyətlərlə dolu olmuşdur. Lakin buna baxmayaraq o, çox böyük həvəslə yazmış, yaratmış, daim yaradıcılıq axtarışında olmuşdur.

1923-cü ildə Süleyman Rüstəmin ilk mətbu şeiri - "Unudulmuş gənc" əsəri Seyid Hüseynin yaxından qayğısı ilə "Maarif və mədəniyyət" jurnalında dərc edilir. Həmin ildən başlayaraq onun yazdığı bir çox şeirlər müxtəlif imzalarla "Şərq qadını", "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzet və jurnallarında dərc edilməyə başlayır. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olur. Burada görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin mühazirələrinə qulaq asır, onunla dostlaşır. Süleyman Rüstəm yazır: "Şairliyə, səhnəyə marağımı duyan Haqverdiyev üzərimdə həmişə göz olurdu".

Universitetdə tələbəlik illərində S.Rüstəm ədəbi mühitlə sıx əlaqə saxlayır, Nazim Hikmətlə dostluq edir. 1927-ci ildə Nazim Hikmət Süleyman Rüstəmin dəvəti ilə Bakıya gəlir.

1929-cu ildə ADU-nun Şərq fakültəsindən I Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülən Süleyman Rüstəm Zaqafqaziya xalqlarının həyatı ilə yaxından tanış olmaq imkanı tapır. C. Məmmədquluzadə, Ə. Haqverdiyev, C.Cabbarlı, A.Şaiq, M.Müşfiq, Seyid Hüseyn, Məmməd Rahim və başqaları ilə birlikdə bir çox şəhərlərə dostluq səfərində iştirak edir. Səfərlərindən aldığı təəssüratlar onun şeirlərində öz əksini tapır, ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. O, istər ictimai lirikasında, istərsə də epik əsərlərində ilk şeirlərində olduğu kimi yüksək sənətkarlıq, səadət, təbii şeir dili uğrunda mübarizə aparır, bu yolda klassik irsin qabaqcıl ənənələrinə arxalanırdı. O, teatrla da sıx əlaqə saxlayırdı. SSRİ xalq artisti A.İsgəndərov yazırdı ki, Bakı İşçi teatrının ilk yüksəlişi dövründə aktyor və rejissorlarla birlikdə S.Rüstəmin böyük xidmətləri olmuşdur. O, bu teatrda çalışdığı zaman var qüvvəsini Azərbaycan dilinin yabançı təsirlərdən təmizlənməsinə, müasir həyatı əks etdirən pyeslərin teatrın repertuarında əsas yer tutmasına sərf etmişdir. Onun "Qana-qan" pyesi, "Yanğın" dramı müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz ötməyib. Bu dövr Azərbaycan ədəbiyyatı tarixində ən ciddi sınaq mərhələsi idi. Müharibənin lap ilk günlərindən S.Rüstəm dövrün qəhrəmanlıq pafosunu əks etdirən səfərbəredici, mübarizə dolu əsərlər yaratmağa başladı.
Onun "Gün o gün olsun ki", "Ana ürəyi", "Sarsılmaz qala", "Səliməyə məktub", "Ana və poçtalyon", "And", "Sevgilimə", "Döyüşçüyə məktub" və sair şeirləri xalq kütlələrinin cəbhə ilə əlaqəsinin sıx birliyini göstərirdi.

Cənub şeirləri vətənə məhəbbət çələngi idi. Bu, şairin poeziyasına yeni motivlər daxil etdi. Cənub mövzusu onun yaradıcılığında həmişəlik doğma məskən saldı.
O, həm də nəğməkar şair idi. Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" adlı birpərdəli komediyası ilə başlayan S.Rüstəm dramaturq kimi də müəyyən uğurların sahibidir. "1940-cı ildə yazdığı "Qaçaq Nəbi" mənzum dramı, 1948-ci ildə yazdığı "Durna" komediyası teatrlarımızın repertuarlarında özünəməxsus yer tutub.
Bədii yaradıcılıqla, tərcümə ilə məşğul olan S.Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Süleyman Rüstəm 1934-cü ildən AYİ-nin üzvü, Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), SSRİ Dövlət mükafatı(1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976)olmuşdur. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Biricni çağırış Azərbaycan Ali sovetinə deputat seçilmişdir (1938), bundan sonra bütün çağırışlarda xalq elçisi olmuşdur.

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.

Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Ömrünün axırınadək Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.

1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir..


Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizim bloq   |   Bizə yazın  
 0.5125 sec.
NETTY 2007 Qalibi Sahil IT